YOXSUL Çərkəz yoxsul bir adam idi (M.Hüseyn); AC (məc., dan.) [Mərdan:] ...Mən qızımı elə aclara verə bilmərəm (A.Şaiq); AYAQYALIN (məc.) Bir də görürsən getdi.. əsil-nəcabəti, adı-sanı bilinməyən bir ayaqyalının qızını aldı gətirdi evinə (Əfqan); BİÇİZ (köhn.) Sonra şah üzün hərəmlərə tutub xitab elədi: – Mən əfradi-nasdən bir fağır və biçiz kimsəyəm (M.F.Axundzadə); BİNƏVA Yadə salın soyuqda yatan binəvaları (M.Ə.Möcüz); ÇILPAQ (məc., dan.) Leyla: Xalq acdır, çılpaqlar, yemək axtarır (M.S.Ordubadi); DƏRVİŞ (məc.) Kərimxan: Nə rəhmət olacaq, dərvişin olanından (M.İbrahimov); FAĞIR/FƏQİR Məşğuldular buxarı kənarında işrətə; Əmma fəqirlər soyuq evlərdə titriri (M.Ə.Möcüz); GƏDA (köhn.) Şah ola, gəda ola, divanə, ya əhli nizam; Etməmiş məqsudinə aləmdə heç ərbabi-nam (M.V.Vidadi); KASIB Xosrov: Kasıbı isə kasıb olduğuna görə hər addım başı söyür, təhqir edirlər, ona alçaq nəzərlə baxırlar (M.İbrahimov); KASIB-KUSUB (yoxsullar) Əmiraslan ağa: O, nizami qoşun deyil, əlsiz-ayaqsız, aciz, kasıb-kusublardan toplanmış dəstədir (S.S.Axundov); QARNIAÇIQ (məc., təhqir kimi işlədilir) Hatəmxan: Bab olmayan bir qarnıaçıqla qohum olmaq mənim işim deyildir (S.Rəhimov); LÜT (məc.) Getdi əldən qızıllarım, getdi; Lütəm artıq bütün varım getdi (S.Rüstəm); LÜT-MÜT (məc.) Ey mənim yolçu, dilənçi, lüt-müt qardaşlarım! (C.Məmmədquluzadə); YOLUQ (məc.) Yoluğun nəyi var, şuluğa nə versin? (Ata. sözü); TAVANASIZ.