Baharlı (Zəngilan)
Baharlı — Azərbaycan Respublikasının Zəngilan rayonunun Çöpədərə kənd inzibati ərazi dairəsində kənd.
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
21 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
== Tarixi ==
Baharlı adına ilk dəfə orta əsrlərə aid mənbələrdə təsadüf edilir. Bu soyadı ilk dəfə XV əsrdə yaşamış Əlişəkər bəy Baharlı daşımışdır. O, yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti illərində Həmədan hakimi idi.
XVIII əsrdə Qarabağ xanlığının ictimai-siyasi, mədəni həyatında əhəmiyyətli rol oynamış Bayramxan bəy Abdulla xan oğlu Baharlı, onun oğlu Mirzə Vəli bəy Baharlı Əlişəkər bəy Baharlı nəslinin layiqli övladlarıdırlar.
Zəngilan rayonunun Baharlı kəndinin yerli əhalisi Əlişəkər bəy Baharlının, onun nəslindən olan Mirzə Vəli bəy Baharlının ovladlarıdır.
== Mədəniyyəti ==
Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalına qədər kəndin geniş, yaraşıqlı orta məktəbi, ikimərtəbəli universamı, kitabxanası, tibb məntəqəsi, klubu və s. vardı.