Sadıq Zərbəliyev
Sadıq Zərbəliyev (11 aprel 1951, Kürdəmir rayonu) — Azərbaycanın tanınmış qoşanağara ustası, Azərbaycanın xalq artisti (1998)
Sadıq Zərbəliyev 1951-ci il aprelin 11-də Kürdəmir rayonunda musiqiçi ailəsində anadan olub. Atası zurna-balaban ifaçısı, qardaşı Ağabəy isə gözəl səsə malik xanəndə olub. Onda musiqiyə marağı atası, qardaşı oyadıb.
Sadıq Zərbəliyev orta təhsilini Kürdəmir rayon 1 saylı orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 1969-cu ildə hərbi xidmətə yollanıb. Hərbi xidməti başa vurduqdan sonra 1973-cü ildə Bakıya gəlir və Respublikasının Əməkdar artisti Baba Salahovun ansamblında xalq artistləri Vəli Qədimov və Aftandil İsrafilovla bir yerdə çalışır. Sadıq Zərbəliyev 1975-ci ildən bu günə qədər SSRİ Xalq artisti və millət vəkili Zeynəb Xanlarova ilə bir yerdə çalışır.
Amerika Birləşmiş Ştatları, İordaniya, Suriya, Yəmən, Türkiyə, Əlcəzair, Tunis, Hollandiyada səfərlərdə olub, Azərbaycan mədəniyyətini layiqincə təmsil edib.