Zərgərtəpə
Zərgərtəpə — Füzuli rayonu ərazisində qədim yaşayış yeri. Füzuli şəhərinin mərkəzindən 2 km. şimal-şərqdə, Köndələnçayın sağ sahilində yerləşən, son tunc dövrünə aid 1 hektar sahəsi olan yaşayış yeri.
Quruçay və Köndələnçay vadisində Tunc dövrünün sonu və Dəmir dövrünün əvvəllərinə aid böyük yaşayış yerlərindən biri Zərgərtəpədir. Yastı təpədən ibarət olan bu yaşayış yeri Füzuli şəhərindən 2 km-ə qədər şimal-qərbdə, Köndələnçayın sağ sahilində yerləşir. Hazırda onun tutduğu sahə bir hektardan artıqdır. Ümumilikdə Zərgərtəpə Köndələnçayın sağ sahilini əmələ gətirən təpələr silsiləsinə daxildir. Bu təpələrin çoxundan dəmyə şəraitində əkin yeri kimi istifadə olunduğundan hər il şum vaxtı onların üstündə maraqlı arxeoloji materiallara təsadüf edilir. Zərgərtəpə qədim yaşayış yeri quruluşuna və coğrafi yerləşməsinə görə Azərbaycanın son tunc və ilk dəmir dövrünə aid olan yaşayış yerlərindən fərqlənmir. Su mənbəyinin yaxınlığı, əlverişli torpaq-iqlim şəraiti tunc dövrünün bütün mərhələlərində əkinçi-maldar icmaların oturaq məskənləri üçün əsas və zəruri şərtlərdən olmuşdur.