Kür çökəkliyi fiziki-coğrafi vilayəti
Kür çökəkliyi fiziki-coğrafi vilayəti — Azərbaycanın fiziki-coğrafi vilayəti.
== Ümumi məlumat ==
Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağlarının arasında yerləşir və respublika ərazisinin 1/3-ni əhatə edir. Vilayətin sahəsi şimal-qərbdən (Qarayazı düzündən) cənub-şərqə (Xəzər sahillərinə qədər) doğru genişlənir. Vilayətdə Gəncə-Qazax, Qarabağ, Şirvan, Muğan, Mil, Salyan, Cənub-Şərqi Şirvan və Arazboyu (Hərami, Gəyən və s.) düzləri yerləşir. Kaynozoy yaşlı (xüsusilə, Dördüncü dövr) çöküntülər üstünlük təşkil edir. Vilayətin qərbindəki dağ ətəyi düzənliklərdə (Şirvan, Qarabağ, Mil) çayların gətirdiyi çöküntülər, şərqində isə dəniz çöküntüləri üstünlük təşkil edir. Vilayət neft, təbii qaz, müxtəlif tikinti materialları ehtiyatlarına malikdir. Dünyada yeganə müalicə nefti də burada (Naftalanda) yerləşir.
Geoloji vahidləri - Şirvan, Cənub-Şərqi Şirvan, Qarabağ, Mil, Muğan, Salyan, Gəncə-Qazax düzənlikləri, Acınohur-Ceyrançöi ön dağlığı, Qanıx-Əyriçay vadisi.
Faydalı qazıntıları - neft-qaz, tikinti materialları, Naftalan müalicə nefti, palçıq vulkanları, vilayət çökmə süxurlardan təşkil olunduğundan filiz yataqları yoxdur.