Şahbaz Şamıoğlu
Şahbaz Şamı oğlu Musayev (20 aprel 1961, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filoloq, jurnalist; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinin aparıcı elmi işçisi; Bakı Slavyan Universitetinin "Jurnalistika nəzəriyyəsi və təcrübəsi" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
== Həyatı ==
Şahbaz Musayev 20 aprel 1961-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunun Qızılkilsə kəndində ziyalı ailəsində doğulub. Atası orta məktəbdə kimya-biologiya müəllimi, anası laborant olub. 1979-cu ildə Dmanisi rayonu, Qızılkilsə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1983-1990-cı illərdə Qusar rayonunun Yuxarı Zeyxur kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1990-cı ildən Təhsil Nazirliyinin "Ana sözü" jurnalında, "Yurddaş", "Baku Tayms", "Azərbaycan gəncləri", Azərbaycan-Türk Agentliyi, "Hər gün", "Xəzər" qəzetlərində müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. Jurnalistika ilə yanaşı elmi fəaliyyətini davam etdirib. AMEA Milli Münasibətlər İnstitutunda (1999-2002) çalışıb.