Azərbaycan SSR Ədliyyə Nazirliyi
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi — qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
== Tarixi ==
1802-ci ildə Rusiya İmperiyasında Ədliyyə Nazirliyi yarandıqdan sonra Ədliyyə Naziri eyni zamanda ölkənin Baş prokuroru hesab edilmiş, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri əsasında Azərbaycan torpaqlarının parçalanması nəticəsində quzey Azərbaycan torpaqları Rusiya tərəfindən işğal olduqndan sonra, qeyd olunan qurumların yurisdiksiyası Azərbaycan ərazisinə də şamil olunmuşdur.
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə yeni hüquq sisteminin formalaşdırılması istiqamətində işlər aparılmış, dövlət qurumları qanunvericilik aktlarının qəbulu və ictimai həyatın yeni normalara uyğun tənzimlənməsi ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir.
Cümhuriyyətin yaranması ilə eyni gündə (28.05.1918) Ədliyyə Nazirliyi də təsis edilmiş, Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsinin qəbul edilməsinin ardınca, 1918-ci ilin noyabr ayının 22-də isə Ədliyyə Nazirliyinin funksiyalarını, fəaliyyət istiqamətlərini və səlahiyyətlərini müəyyən edən Əsasnaməsi təsdiq olunmuşdur.
Ədliyyə Nazirliyi Xalq Cümhuriyyətinin mövcud olduğu qısa dövr ərzində digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərməklə yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirmiş, Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşması baxımından mühüm işlər görə bilmişdir.
Hökümətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir.
Bu müddət ərzində, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə "Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında" və digər qanunlar parlamentdə müzakirəyə çıxarılmışdır.
Bu dövrdə F.Xoyski, X.Xasməmmədov, A.Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin Ədliyyə Nazirləri, eyni zamanda baş prokurorları olmuşlar.
Cümhuriyyətin Sovet Rusiyası tərəfindən işğalından sonra, 13 may 1920-ci il tarixdə Ədliyyə Nazirliyi ləğv edilərək, əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuş, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir.
Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək, funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlar arasında bölüşdürülmüş, Azərbaycan SSR baş prokuroru eyni zamanda Ədliyyə Naziri hesab olunmuşdur.