Qədimdə çəyirdəyi bərk qabıqla örtülmüş, giləmeyvə ilə müqayisədə böyük olan bütün meyvələrə ərik deyilib (Bağda ərik var idi..). Bu kəlmənin iki yozumu mümkündür:
1. Çəyirdəyə həm də uruq demişik, deməli, çəyirdəkli mənasını verir.
2. İndiki iri sözü qabaqlar irik kimi işlədilib. Bu mənada ərik “iri” (böyük) deməkdir. Birinci yozum daha inandırıcıdır. M.Fasmer ərik sözünü ər (tez) sözü ilə bağlayır. Ərik həm də gec yetişən meyvələrə deyilib, ona görə də Fasmer səhv edir. Radlov türk dillərində aşağıdakı meyvələrin ərik adlanmasını yazıb: Amasiya əriyi, bardaq əriyi, mürdüm əriyi, hind əriyi, firəng əriyi, qara ərik (gavalı), sarı ərik (qaysı) və s. (Bəşir Əhmədov. Etimologiya lüğəti)