1. İnsan, ya heyvan orqanizmində təxərrüşləri periferiyadan beyinə, yaxud beyindən periferiyaya ötürən xüsusi incə tellərdən ibarət törəmə sistemi; sinir. Eşitmə əsəbi. Dişin əsəbini öldürmək. Görmə əsəbi. İynə əsəbə toxunmuşdur.
– Əsəb və yorğunluq onu elə haldan salmışdı ki, kətilin üstündə otura bilmədi.
2. Cəm şəklində: əsəblər – insanın hal və hərəkətini müəyyən edən həmin törəmələrin bir sistem kimi rolu. Əsəbləri möhkəmdir. Əsəbləri pozulmaq. Əsəbləri gərginləşdirmək.
– Kağızı oxudu və bütün əsəbləri gərildi.
Çöl havasının təsiri ilə getdikcə acığı soyuyur, əsəbləri rahat olurdu.
Elə bil birisi əsəblərimin saplarını bir-birinə qarışdıraraq düyün salmışdı.
◊ Əsəblərinə təsir etmək (toxunmaq) – hirsləndirmək, əsəbiləşdirmək.
Lakin Toğruldan bir xəbər olmaması onun əsəblərinə toxunmuşdu.
İçərişəhərin damları üstündə yatanlardan bəzisi xoruldadıqca Turabın əsəblərinə toxunurdu.
Əsəbləri ilə oynamaq – bax əsəblərinə təsir etmək (toxunmaq).