Yüksək çözümlülük
Yüksək çözümlülük (high resolution) – rastr displeylərində və çapda: mətni və qrafikanı kifayət qədər dəqiq (incəliklə) əks etdirən ekranın və ya görüntünün keyfiyyət xarakteristikasıdır. Çözmə kəmiyyəti görüntünü yaratmaq üçün istifadə edilən piksellərin (nöqtələrin) sayı ilə müəyyən olunur: piksellər nə qədər çox olarsa, çözümlülük də bir o qədər yüksək olur. Məsələn, IBM Enhanced Graphics Adapter (640×350 piksel) adapteri ilə müqayisədə IBM Video Graphics Array (VGA) adapteri daha yüksək çözümlü (640×480 piksel) görüntü yaradir. Displeyin çözmə imkanını kifayət qədər, hətta meqapikselli displeylərin (1000×1000 piksel) göstəricilərini aşaraq, artırmaq olar (məsələn, 1600×1200 piksel). Çapa gəldikdə isə, yüksək çözümlülük anlayışından əsasən lazerli printerlərlə və fotoyığım avadanlıqları ilə bağlı istifadə olunur; bu halda çözmə imkanı bir düymdə çap olunan nöqtələrin sayı ilə ifadə olunur. Lazerli çapda çözümlülük təxminən bir düymdə 300-dən 1200 nöqtəyədək olur; sadə fotoyığım qurğularında çözümlülük təxminən bir düymdə 1000 nöqtə, sənaye keyfiyyətli qurğularda isə 1000-2000 və daha artıq nöqtəyə çatır.
İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.