Vəfa Fətullayeva
Vəfa Nüsrət qızı Fətullayeva (25 avqust 1945, Bakı – 21 may 1987, Bakı) — məşhur Azərbaycan və sovet aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
== Həyatı ==
Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. 1953–1963-cü illərdə Bakıdakı 1 saylı orta məktəbdə təhsil alıb. 1963-cü ildə Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olub, 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirib. O, ilk dəfə 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırıb. Vəfa Fətullayeva 1963 cü ildə Zaur Nağıyev adlı idmançı ilə tanış olur. Zaur Nağıyev rəqqasə Tutuxanım Həmidovanın oğlu idi. Onlar 1968 ci ildə ailə həyatı qururlar, ancaq bu evlilik uzun sürmür. Bir il sonra ayrılırlar.
Vəfa Fətullayeva 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib.