Kamal Abdulla
Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev; 4 dekabr 1950, Bakı) — Azərbaycan alimi, yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (2019) və əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri.
Bakı Slavyan Universitetinin ilk rektoru (2000–2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014–2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin, Ural Federal Universitetinin və Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür.
Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib.
1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.
1973–1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub.
1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib.
1977–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.