Qul Əli
Qul Əli (tatar. قل علی, Кол Гали, Qol Ğali, çuvaş Кул Али, 1183, İdil Bulqar xanlığı – 1236 və ya 1234, Bilyarsk, Tatarıstan) — XIII əsr şairi, "Qisseyi-Yusif" dastanının müəllifi.
Şair Əlinin şəxsiyyəti, doğulduğu və yaşadığı yer haqqında dəqiq məlumat yoxdur. Şair Qisseyi-Yusif adlı əsərinin sonunda özü haqqında belə yazır
"Bunu düzən zəif bəndə, adı Əli
Yarlığağıl, əya rəhim, asi qul
Yigirmi dörd rəqəm içrə saldı yılı
Rəhmətindən mehribanlıq umar imdi."
Bu misralardan şairin adının Əli olduğu aydın olur. Lakin təxəllüsü və harda doğulması bilinmir. Diqqətsizlik səbəbindən şair yanlışlıqla "Qul Əli" adlandırılıb. Bu səhv fikir şairin xatırlanan bəndindəki "asi quli", yəni "günahkar bəndəni" ifadələrinə istinadən söylənilib. Əslində buradakı "Qul" elementi sənətkarın ləqəbi və ya təxəllüsü, daha doğrusu, ad-titul komponenti olmayıb Allahın "bəndəsi, qulu" mənasındadır.
Digər tərəfdən ədəbiyyatşünaslıqda onun milli mənsubiyyəti, yaşadığı ədəbi mühit və məkan barədə fərqli mülahizələr mövcuddur. Məsələn, "Qisseyi-Yusif"i tədqiqatçı alimlərdən X. Fleyşeir tatar-oğuz, M, Xautsma, H. Həziz Orta Asiya, K. Brokkelman qədim osmanlı, M. F. Köprülüzadə, Е. Bertels və Əmir Nəcib Xarəzm, Ş. Mərcani, B. Yafarov, Y. Aqişev və X. Usm""anov bulqar, B. Perc tatar abidəsi hesab edirlər.