Hind geyimləri
Hind geyimlərinin unikallığı özündə tarixi gedişatın təsirlərini, ənənəviliyi, milli-etnik kimliyi saxlamasıdır. Bu geyim mədəniyyəti tarixin müəyyən dövründə digər mədəniyyətlərin təsiri altında olsa belə, özü üçün ən yaxşılarını seçib saxlamış, təkmilləşdirmiş, özününküləşdirmişdir.
Hind paltarları kifayət qədər rahat və uyğundur. Bir sıra hallarda kişi, qadın, uşaq geyimləri bir-birindən mahiyyətcə, ciddi şəkildə fərqlənmir, lakin dini, etnik, regional müxtəliflik geyimlərə də sirayət etmişdir. Əhalisinin sayı bir milyard nəfəri keçən bir ölkədə geyimlər fərqliliklərin simvoluna çevrilmişdir. Qərb dəbinin təsirinə baxmayaraq, hindlilər gündəlik həyatlarında, bayramlar, ailə ziyafətləri, rəsmi mərasimlər zamanı ənənəvi paltarlarını geyinməyə üstünlük verirlər. Hətta bir sıra geyimlər rəsmi status qazanmışdır.
== Tarixi ==
Arxeoloji və ədəbi materiallar göstərir ki, hələ e.ə. III–II minillikdə, Harappa sivilizasiyası dövründə geyimlər şəhər mədəniyyəti, toxuculuq sənətinin, ticarətin inkişafı fonunda kifayət qədər inkişaf etmişdir. Harappa sivilizasiyasına, Veda dönəminə, Maqadha-Mauri imperiyası dövrünə aid maddi materiallar, möhürlər, məbəd rəsmləri, çoxsaylı tanrı heykəlləri, barelyefləri qədim Hindistanda sadə tuniki, müasir sariyə bənzəyən geyimlərin yayıldığını təsdiqləyir.