ABŞ kinematoqrafiyası
ABŞ kinosu — Amerika Birləşmiş Ştatlarında, əsasən Hollivudda ("Metro-Goldwyn-Mayer", "20th Century Fox", "Paramount Pictures", "Warner Brothers", "Columbia Pictures") olan kino şirkətlərinin istehsal etdiyi filmlər. ABŞ kinematoqrafiyası XX əsrin əvvəllərindən başlayaraq bütün dünya kinematoqrafiyasına əsaslı şəkildə təsir etmişdir.
ABŞ-də kinofilmlərin istehsalına 1896-cı ildə Nyu-Yorkda başlanılmışdır. Tomas Alva Edisonun qurduğu "Edison" kinostudiyasında dünyanın ilk süjetli filmi, "Qatarın qarət edilməsi" (1903, rejisor E. Porter) çəkilmişdir. 1910–20-ci illərdə kinorejissorlardan D. U. Qriffit tarixi və psixoloji dram, eləcə də epopeya janrını təkmilləşdirdi, T. X. İns "vestern"in (kovboy filmi), M. Sennett ekssentrik komediya janrının əsasını qoydular. ABŞ kino sənayesinin maliyyə kapitalı ilə əlaqəsi, iri kapital qoyuluşu, həmçinin prokatdan gələn külli miqdarda gəlir kinonu ölkədə sənayenin ən mühüm sahələrindən birinə çevirdi.
Hollivud filmlərini isə ideoloji təbliğatın əsas silahına çevirdi. Hollivud kino istehsalı "vestern", salon komediyası, "qanqster" filmləri, tarixi, psevdoromantik dram janrları əsasında inkişaf edirdi. Bu filmlərdə R. Valentino, M. Pikford, D. Ferbenks, sonralar Q. Qarbo, K. Qeybl, Q. Kuper və başqa aktyorlar çəkilirdilər. Bir sıra realist rejisorlar (Ç. Çaplin, E. Ştroheym, K. Vidor, C. Ford, F. Kapra, U. Uayler, O. Uelles) öz filmlərində Amerika həyatını əks etdirməyə müvəffəq olmuşlar.