II Aleksandrın məhkəmə islahatı
II Aleksandrın məhkəmə islahatı — 1860-cı illərdə imperator II Aleksandrın həyata keçirdiyi islahatlardan biri.
Rusiya imperiyasında iqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli məhkəmə islahatına başlamağa məcbur oldu. 1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri adı altında birləşdirilmiş məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi.
Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və məhkəmə icrası, məhkəmə hakimiyyətinin qanunverici və icraedici hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ, cinayət işlərinin əskəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s. burjua-demokratik prinsiplərini bəyan etdi.
1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində
keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi.