Azər Allahverənov
Azər Kərim oğlu Allahverənov (20 fevral 1972, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü (2021-ci ildən), "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri (2020-ci ildən), Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri (2015-ci ildən).
== Həyatı ==
Azər Kərim oğlu Allahverənov 20 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu illərdə Bakı şəhər Nəsimi rayonu 152 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra 1990–1996-cı illərdə Kazan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. Bundan əlavə, 1989–1990-cı illərdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin Bakı məktəbində radio-lokasiya stansiyasının operatoru üzrə, 1991–1992-ci illərdə isə həmin cəmiyyətin Kazan məktəbində rabitəçi-teleqrafçı ixtisasları üzrə təhsil almışdır.
Azər Allahverənov əmək fəaliyyətinə 1989-cu ilin avqust ayında başlamışdır. 1989–1990-cı illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzinin elektron-hesablama maşınları üzrə 3-cü dərəcəli elektro-mexaniki olmuş, 1990–1992-ci illərdə Kazan Dövlət Universitetində, sonra isə "Olimp" təmir-tikinti kooperativində çalışmışdır. 1993–1997-ci illərdə Azərbaycan Gənclər İttifaqının Nəsimi Rayon Komitəsinin təşkilat şöbəsinin müdiri seçilmiş, 1994-cü ildən bu komitənin sədr müavini olmuşdur.
Azər Allahverənov 1997–1999-cu illərdə Uşaq və Gənclərin Xeyriyyə Fondunun rəhbərlik etmiş, 1999–2001-ci illərdə Azərbaycan Gənclər İttifaqının təşkilat şöbəsinin müdiri və beynəlxalq məsələlər üzrə sədr müavini olmuşdur. Paralel olaraq 2000–2004-cü illərdə Beynəlxalq Miqrasiya Təşkilatı və "Həyat" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən təsis olunmuş Miqrasiya Resurs Mərkəzinin Məlumat Proqramının rəhbəri, 2002-ci ildən həmin mərkəzin əlaqələndiricisi olmuşdur. 2004–2005-ci illərdə "Həyat" Beynəlxalq Humanitar Təşkilatının proqramlar üzrə direktoru, 2006–2008-ci illərdə bu təşkilatın vitse-prezidenti, 2008–2019-cu illərdə isə prezidenti (2016-cı ildən "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri) vəzifələrində işləmişdir.