Qədim dövrlərdə Qərbi Asiya dövlətlərinin ərazilərində qohum dillərdə danışan insanlar yaşayırdı. Bunlar babillilər, assuriyalılar, arameylər, yəhudilər və gildanilər idi. Onların dilləri semit dilləri adlandırılır, çünki Bibliyaya əsasən, bütün bu xalqlar Nuhun böyük oğlu Samdan törəmişlər.
Qədim mədəniyyət mərkəzlərindən şimalda yerləşən səhralarda isə tamamilə başqa dildə danışan köçəri xalqlar yaşayırdı. Miladdan öncə təxminən 2000-ci illərdə onlar atı əhliləşdirmiş və araba icad etmişdilər.
Bu köçərilərin bir hissəsi özlərini ari, yəni “alicənab” adlandırırdılar.
Miladdan öncə təxminən 2000 və 1200-cü illər arasında ari qəbilələri cənuba, Hindistana yürüş etmiş və o ərazinin böyük bir hissəsini tutmuşdular.
Arilərin dilləri sanskritə (qədim hindlilərin ədəbi dili), həmçinin bir sıra müasir hind və Avropa dillərinin çoxuna yaxın idi. Hazırda ari dillər qrupunu hind-Avropa dilləri adlandırırlar.
Bu dil əlaqələri aşkar olunduqdan sonra təbii olaraq belə bir fikir irəli sürüldü ki, həmin dillərdə danışan xalqlar eyni irqin nümayəndələridir. Semit dillərində danışan insanlar semitlər, hind-Avropa dillərində danışanlar isə arilər adlandırılmağa başlandılar. (Ayzek Azimov. Sözlərin tarixi)