Aristotelçi
Aristotelizm və ya Aristotelçi, dar mənada Aristotelin davamçılarının təlimi (peripatetik məktəb anlayışı ilə üst-üstə düşmür, çünki Teofrastdan sonra e.ə. 1 əsrədək qədim peripatetiklərin əslində Aristotel ilə heç bir əlaqəsi yoxdur); daha geniş mənada Aristotelin əsərlərinin şərhi, tərcüməsi, yayılması və təsiri tarixi, həmçinin müxtəlif orta əsrlər teoloji ənənələrində Aristotel təliminin mənimsənilməsi kimi başa düşülür.
"Aristotelizm" termininin özü yeni Avropa mənşəlidir, lakin αριστοτελιζειν ("aristotelləşdirmək") yunan feilinə ilk dəfə e.ə. 1 əsrdə Aristotelizmin dirçəldilməsi ilə əlaqədar Strabonda rast gəlinir.
Erkən Şərq patristikası neoplatonizmdən çıxış edir və Emesli Nemesi ilə İoann Filopon istisna olmaqla, Aristotelin təsirindən azaddır. Aristotelin anlayışlar aparatının və terminologiyasının xristian teologiyasına nüfuz etməsi Bizanslı Leontinin əsərindən bəlli olur. Aristotelin məntiqi ("teologiyanın xidmətçisi" qismində) Dəməşqli İoannın "Dialektika"sında rəsmi tanınmışdır. 11-ci əsrdə şərhetmə ənənəsinin canlanması platonçu Mixail Psell və onun şagirdləri – Efesli Mixailin və İoann İtalın fəaliyyəti ilə bağlıdır. Sonralar şərhetmə ənənələrini Feodor Prodrom və İoann Sesis (12-ci əsr), Nikifor Vlemmid (13-cü əsr, onun aristotelçi məntiq və fizika dərslikləri Bizansda geniş yayılmışdı), Georgi Paximer ("Aristotel fəlsəfəsinin qısa oçerki"), Manuil Holobol (1267-ci ildən Konstantinopol məktəbində dərs demişdir), Feodor Metohit və b. davam etdirmişlər.