Seyidağa Onullahi
Seyidağa Onullahi (26 avqust 1925, Astara, Gilan ostanı – 2004, Bakı) — Tarix üzrə elmlər doktoru, şərqşünas, professor, Bakı Dövlət Universitetinin "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri (2001–2004-cü illər) olmuş, "21 Azər" medalı ilə təltif olunmuş 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatının iştirakçısı.
Seyidağa Onullahi 26 avqust 1925-ci ildə Cənubi Azərbaycanın Astara şəhərində anadan olmuş, orada fars dilində orta məktəbi bitirmişdi. 1945–1946-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və buna görə "21 Azər" medalı ilə təltif olunmuşdur. Milli hökumətin süqutundan sonra mühacirət etməyə məcbur olaraq Sovet Azərbaycanına (hazırda Azərbaycan Respublikası) pənah gətirmişdir. Astarada şəhər siyasi idarəsinin rəisi işləmişdi. Güney Azərbaycanda Pişəvəri hərəkatının faciəli süqutu zamanı Sovet Azərbaycanına gəlmiş, 1952-ci ildə Gəncə şəhərində Zərdabi adına Pedaqoji İnstitutun Tarix fakültəsini bitirmiş, 6 il Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdı.1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olmuşdur. 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1985-ci ildə professor elmi adı almışdır. 1962-ci ildən Azərbaycan SSR Elmlər Akademiyasının (hazırda Azərbaycan Milli Elmlər Akademiyası) Tarix İnstitutunun "Orta əsrlər tarixi şöbəsi"ndə kiçik, baş və aparıcı elmi işçi vəzifələrində işləmişdir. Ömrünün son illərində, 2001-ci ildən 2004-cü ilədək Bakı Dövlət Universitetinin (BDU) "Azərbaycanın qədim və orta əsrlər tarixi (təbiət elmləri üzrə)" kafedrasının müdiri vəzifəsində çalışmışdır. Elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıca problemlərinin araşdırılması ilə bağlı olmuşdur.