Bu söz “aşıb-daşan, normaya sığmayan” mənalarında işlədilir. Bir mənası da “yaşlı, nəhəng heyvan” deməkdir (6 yaşlı keçiyə “azman” deyirik). Sözün kökü, əslində, aşmaq məsdəri ilə bağlıdır. Aşmaq isə daş (dışarı) kəlməsinin formaca dəyişməsi zəminində yaranıb. Daş (dış) – “kənar, kənara çıxmaq, xaric” (için əksi) deməkdir. Deməli, azman (əsli: aşman, daşman, dışman) – “normadan çox kənara çıxmaq”la bağlıdır ( -man şəkilçisi həmişə çoxluq bildirir: qocaman, ataman və s.). Bir yozuma görə, azğın sözü ilə qohumdur, “aşıb-daşan” (azğın olan) anlamında işlədilib, indi məna xeyli dəyişib. Başqa bir yozum: sözün kökü as (az, ys, yz) hissəsidir, “ağıl” deməkdir. Azman- “ağıllı” kimi başa düşülə bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)