Dilimizdə “səhv etmək” mənasını verən yazmaq (azca səhv edən adam haqqında deyirlər: “qıl yazdı, yəni səhv qılın diametri qədər kiçik oldu”) feili olub. Azmaq sözü də onun ilk samitini itirmiş formasıdır. Yolunu azmaq məhz “səhv edərək başqa yolla getmək” deməkdir. Toyuq fallığını itirəndə “yazıxıb” deyirlər, yəni çaşıb, səhv edib. Kənddə pis pişiklərin gözünü bağlayıb uzaq yerə aparır və orda buraxırlar. Buna pişiyi azdırmaq deyilir. Tarixi baxımdan yazıq sözü də bununla bağlıdır, “səhv edən” deməkdir. İndi məna xeyli dəyişib, söz “fağır” anlamında işlədilir. Ağlı azıb birləşməsində azmaq “itmək”, “yoxa çıxmaq”dır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)