İnsanın sümük sisteminə bazu (çiyin-dirsək arası), bud (diz-çanaqlıq arası), baldır (diz-ayaq arası) və bilək (dirsək-əl arası) sümükləri daxildir. Bilək sözü bağlaq (müqayisə et: bələk) kimi olub, “bağlama” anlamı ilə əlaqədardır. Xalq arasında baldır sümüyü də “ayaq biləyi” adlanır. Deməli, elə baldır sözü də “bağlama” mənasını əks etdirir (ayaq barmaqlarının bağlandığı yerdir). Bəzən bilək, baldır sözlərini beş kəlməsi ilə də əlaqələndirirlər. Məncə, birinci variant daha inandırıcıdır. Başqa mülahizə də mümkündür: baldır sözü qədim qaynaqlarda “çıxıntı” kimi açıqlanıb. İkinci mənası “qohum”, “qol-qanad” deməkdir. Üçüncü mənası “ərin kiçik baldızı” anlamı ilə bağlıdır (bu, “qol-qanad” deməkdir). Bəs niyə təkcə kiçik baldızı baldırla əlaqələndiriblər? Görünür, onun boyca kiçikliyi (“mənim baldırım boydasan” deyirik), balaca olması baldırla müqayisə olunub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)