Nizami (simfoniya)
Nizami simfoniyası — azərbaycanlı bəstəkar Fikrət Əmirovun 1947-ci ildə Nizami Gəncəviyə həsr etdiyi simli orkestr üçün simfoniya. Dahi şair Nizami Gəncəvinin xatirəsinə həsr edilmiş simfoniya şairin anadan olmasının 800 illiyi münasibətlə yazılmışdır.
Bəstəkar simfoniya üzərində dəfələrlə işləmiş, onun ikinci və üçüncü redaksiyalarını yaratmışdır. Simfoniyada Nizaminin ümumiləşmiş obrazı yaradılmışdır. Bəstəkar şairin obrazına ehtiramla yanaşır və ona xüsusi münasibət bəsləyir ki, bu da əsərə səmimilik, incəlik, gənclik təravəti, lirik hərarət və romantik ruh verir. Eyni zamanda simfoniya özunün fəlsəfi mənası və lakonik ifadə tərzi ilə diqqəti cəlb edir. Bu cəhət son illərdə yazılmış bir çox əsərlərin musiqisinə xas kameralıq tendensiyasını qabaqlamışdır. Buna görə də musiqidə ifadə olunan gizli hisslər, düşüncələr, əhvalatlar da təbii qavranılır.
Simfoniya dörd hissədən ibarətdir. Ayrı-ayrı hissələrin formaları, bir çox inkişaf üsulları, şübhəsiz, klassik simfoniya ilə əlaqənin olduğunu göstərir.