Əlövsət Baxışov
Əlövsət Məmmədşah oğlu Baxışov (3 mart 1923, Amsar, Quba rayonu – 3 iyun 2013) — tanınmış ictimai-siyasi xadim, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
== Həyatı ==
Əlövsət Baxışov 1923-cü il martın 3-də Quba rayonunun Amsar kəndində anadan olub. 1942-ci ildə orta məktəbi və müəllimlik kurslarını bitirdikdən sonra bir müddət Qubanın Xanəgah kənd məktəbində dərs deyib. O, 1943-cü ildə hərbi xidmətə çağırılıb, İkinci Dünya müharibəsindən sonra 1950-ci ilin mart ayınadək ordu sıralarında qulluq edib.
Əlövsət Baxışov 1952-ci ildə Müəllimlər İnstitutunun tarix fakültəsini, 1957-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini, 1958-ci ildə Bakı Ali Partiya Məktəbini, 1978-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirib. Ordudan tərxis olunduqdan sonra Əlövsət Baxışov 1950–1951-ci illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi sistemində çalışıb. 1951–1952-ci illərdə Quba Rayon Komsomol Komitəsinin birinci katibi olub. Sonrakı dövrlərdə o, partiya və sovet orqanlarında müxtəlif vəzifələr tutub. 1952–1953-cü illərdə Quba Rayon Partiya Komitəsinin katibi, 1953–1954-cü illərdə Quba Rayon Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təlimatçısı və məsul təşkilatçısı olub. O, 1959–1979-cu illərdə Dəvəçi, Şamaxı, Masallı və Gədəbəydə Rayon Partiya Komitəsinin birinci katibi seçilib.