Bir ehtimala görə, bu söz beş və bedtər (pis) kəlmələrindən əmələ gəlib. Hərfi mənası “5 dəfə pis” deməkdir. Birinci komponent (beş) öz sözümüzdür (O.Süleymenov beş sözünü Hind–Avropa mənşəli hesab edir), ikinci isə farscadır (bəd və təhər). Bəs niyə altıbetər yox, məhz beşbetər olub? Burada betər sözünün fonetik tərkibi ilə beşin fonetik tərkibi arasındakı yaxınlıq əsas rol oynayıb. İkinci ehtimal da mümkündür: sözün əsli bədbetər olub və sonradan təhrif edilərək beşbetər şəklinə düşüb. İkinci ehtimal daha inandırıcıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)