Biosfer
Biosfer (yun. βίος bios "həyat" və σφαῖρα sfaira "sfera") — dünya miqyasındakı bütün ekosistemlərin məcmusu. Onu Yerdəki həyat zonası da adlandırmaq olar. Biosfer maddəyə nəzərən faktiki qapalı sistemdir, giriş və çıxışlar minimaldır. Enerji baxımından isə o açıq sistemdir, fotosintez nəticəsində təxminən ildə 130 Teravatt sürətlə günəş enerjisini qəbul edir. Bununla belə, o, enerji tarazlığına yaxın olan özünü tənzimləyən sistemdir. Yerdəki torpaq karbon süngəri bu sistemin tənzimləyici komponentidir. Ən ümumi biofizioloji təriflə, biosfer bütün canlıları və onların əlaqələrini, o cümlədən litosfer, kriosfer, hidrosfer, rizosfer və atmosfer elementləri ilə qarşılıqlı əlaqəsini birləşdirən qlobal ekoloji sistemdir. Biosferin ən azı təxminən 3,5 milyard il əvvəl biopoez (təbii olaraq qeyri-canlı maddələrdən, məsələn, sadə üzvi birləşmələrdən yaranmış həyat) və ya biogenez (canlı maddədən yarannmış həyat) prosesindən başlayaraq təkamülə uğradığı güman edilir.
Ümumi mənada biosferlər ekosistemləri ehtiva edən hər hansı qapalı, özünü tənzimləyən sistemlərdir.