Yuxarı Ağcaqala
Yuxarı Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd.
== Tarixi ==
Rayon mərkəzindən 11 km şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin başqa adı
Yuxarı Hacıqala kimi də qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.
Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk dilində
«ağımtıl, bazumtul çöl, yer» mənasında işlənən ağca sözünə qala sözünün qoşulması əsasında əmələ gəlib, «bozumtul torpaqda tikilən qalanın yanındakı yaşayış məntəqəsi» mənasını ifadə verir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Bazmaberd (Yuxarı müxtəlif rəngli, çal rəngli qala) qoyulmuşdur.
== Əhalisi ==
Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 354 nəfər, 1886-cı ildə 405 nəfər, 1897-ci ildə 489
nəfər, 1904 - cü ildə 306 nəfər, 1914 - cü ildə 406 nəfər, 1916-cı ildə 500 nəfər, 1918-ci ilin yanvarında 308 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətindəki Ağbin, Daşdadem, Dzağak, Hatink kəndlərindən, İranın Muş, Mosul vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir.
Göründüyü kimi, kəndə ermənilər 1918-ci ildə köçürülmüşdür.