Mexaniki qüvvələr
Mexaniki qüvvələr — Təbiətdə müxtəlif növ qüvvələrə rast gəlinir: cazibə qüvvəsi, elektrik və maqnit qüvvələri, elastik qüvvə, səthi gərilmə qüvvəsi, sürtünmə qüvvəsi və s. Sadaladığımız bu qüvvələrin adları onların təzahür formaları ilə əlaqədardır. Məsələn, səthləri bir-birinə toxunan iki cisimdən biri digərinə nəzərən nisbi hərəkət edərsə onlar arasında yaranan təsir qüvvəsi sürtünmə qüvvəsi, uzanmış elastiki cismi ilk vəziyyətə qaytarmağa çalışan qüvvə elastiki qüvvə, sükunətdə olan iki yüklü hissəcik arasında yaranan təsir qüvvəsi elektrik qüvvəsi adlanır. Lakin hadisələrin mahiyyəti ilə dərindən tanış olduqda adını çəkdiyimiz bu üç qüvvənin eyni bir təbiətə — elektromaqnit təbiətinə malik olduğuna inanmaq olar. Meydanagəlmə xüsusiyyətlərinə görə qüvvələri iki qrupa bölmək olar: birbaşa təmasla meydanagələn qüvvələr və sahə qüvvələri. Deyilənləri əyani təsəvvür etmək üçün şəkil 1-ə nəzər salaq. Yayı uzatmaq və arabacığı hərəkət etdirmək üçün yayı və arabacığı dartmaq, qol vurmaq üçün isə topa birbaşa zərbə endirmək lazımdır. Göründüyü kimi, hər üç halda yalnız təsirə məruz qalan cisimlə birbaşa təmasda olmaqla onları hərəkətə gətirmək mümkündür.
Bununla bərabər birbaşa təmasda olmayan cisimlər arasında da təsir qüvvələri mövcuddur. Məsələn, bir-birindən kifayət qədər uzaqda yerləşmiş göy cisimləri arasında, müxtəlif işarəli elektrik yükləri daşıyan cisimlər arasında, dəmirlə maqnit arasında qarşılıqlı təsir qüvvələrinin mövcud olduğu hər kəsə məlumdur.