Elektrik mühəndisliyi
Elektrik mühəndisliyi — elektrik, elektronika və elektromaqnetizmdən istifadə edən avadanlıqların, cihazların və sistemlərin öyrənilməsi, layihələndirilməsi və tətbiqi ilə məşğul olan mühəndislik sahəsidir. Elektrik mühəndislyi 19-cu əsrdən etibarən telefon, teleqraf, elektrik enerjisinin istehsalı, paylanması və geniş miqyasda istifadəsi ilə birlikdə ayrıca bir elm sahəsi kimi meydana çıxmışdır.
Elektrik mühəndisliyi müasir dövrdə geniş sahələrə bölünür. Bura daxildir: elektronika, rəqəmli kompüterlər, elektroenergetika, telekommunikasiya, idarəetmə sistemləri, radioelektronika, siqnalların emalı, cihazqayırma və mikroelektronika.
Elektrik mühəndisləri bir qayda olaraq, elektrik mühəndisliyi və ya elektronika mühəndisliyi dərəcəsinə sahibdirlər. Bu işlə məşğul olan mühəndislər peşəkar sertifikatlaşdırma və peşəkar birliyin üzvləri ola bilər. Belə birliklərə Elektrik mühəndisləri İnstitu və Mühəndislik və Texnologiya İnstitutu daxildir.
Elektrik sözü fizika və texnikanın inkişafı prosesində bir çox dəyişikliyə uğramışdır. Sadə elektrik və maqnit hadisələri, bəzi cisimlərin (məs., kəhrəbanın) sürtünmə nəticəsində yüngül cisimləri özünə çəkməsi, yəni elektriklənmə xassəsi və s. hələ qədimdən məlum idi.