Epidot
Epidot — Ca2 Fe Al2O [SiO4] [Si2O7] (OH) - Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
== Növ müxtəliflikləri ==
Pyemontit, tamavit, muxinit və başqaları.
== Xassələri ==
Rəng – adətən müxtəlif intensivlikli yaşıl: sarımtıl-yaşıl, püstəyi-yaşıl, otu-yaşıl, tünd-yaşıl, bəzən çəhrayı, boz, qara, rəngsiz; Mineralın cizgisinin rəngi – ağdan püstəyi-yaşıladək; Parıltı – güclü şüşə, qatranı, ayrılma müstəvilərində–sədəfi; Şəffaflıq – yarımşəffaf, nadir hallarda şəffaf; Sıxlıq – 3,38-3,49; Sərtlik – 6-7; Ayrılma – {001} üzrə mükəmməl, {100} üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari, qeyri-hamar; Morfologiya – kristallar: prizmatikdən iynəvariyədək, çox vaxt izununa istiqamətli kəskin cizgilərlə örtülü olur; İkiləşmə: çox zaman {100}, bəzən {001} üzrə; Mineral aqreqatları: druzalar, radial-şüalı, çubuq - və kolvari, sıx massiv əmələgəlmələr.
== Mənşəyi və yayılması ==
Tipik kontakt-metasomatik mineral olub, skarnlarda geniş yayılmışdır. Hidrotermal epidot adətən müxtəlif püskürmə süxurlarda olan piroksenlərin, amfibolların və plagioklazların hidrotermal dəyişilmələri zamanı əmələ gəlir. Epidota habelə hidrotermal damarlarda, effuziv süxurların badamcıqlarında və terrigen mineral kimi qumlu-gilli çöküntülərdə rast gəlinir. Metamorfik epidot yaşıl şistlərdə, qneyslərdə, kristallik şistlərdə, amfibolitlərdə qeyd olunur. Birlikdə rast gəldiyi minerallar: qranat, vezuvian, diopsid, xlorit, skapolit, albit, kvars və b. Mineralın tapıldığı yerlər: Knappenvand (Avstriya); Sen-Qotard (İsveçrə); Katsna-Yama, Polyakov (Rusiya) və b.