is. [
ər. ]
1. Sevgi, məhəbbət, sevda, böyük istək hissi, sonsuz bağlılıq. Vətən eşqi. Övlad eşqi. Həyat eşqi.
– Can vermə qəmi-eşqə ki, eşq afəti-candır; Eşq afətican olduğu məşhuri-cahandır. Füzuli.
Dilidivanə sevər can tək o zülfi-siyəhi; Başının şurini gör, eşqdə sevdasına bax. S.Ə.Şirvani.
Eşq sözü sözlərin sultanıdır, tacıdır; Eşq – həyat ağacıdır! B.Vahabzadə.
2. Şiddətli arzu, həvəs, meyil, istək.
Sözün eşqilə, qəlbilə yaşar aləmdə insanlar; Sözün səyyar xəyalilə uçar əflakə dastanlar. S.Vurğun.
Ala çiçəklərlə ala sürülərin doğma yurdunda dincələn əsgərlər hücum eşqi ilə çırpınırdılar. Ə.Vəliyev.
3. Müxtəlif obrazlı tərkiblərdə: eşq əhli, eşq aləmi, eşq yarası, eşq afəti, eşq quşu, eşq dəryası, eşq odu, eşq əsiri və s. şəklində işlənib sevgi, məhəbbət hisslərini bildirir.
Eşqin xəncərini vurdum sinəmə; Dərin yaralarım deşdim də gəldim. “Aşıq Qərib”.
Yoxsa çıxılmayan eşqin dağında; Ömrünün dirilik çeşməsi qaynar. M.Müşfiq.
◊ Eşq yetirmək – sevmək, vurulmaq, aşiq olmaq, bənd olmaq, məhəbbət yetirmək.
Xırda qız ağıllı-başlı Məlik Cümşüdə eşq yetirmişdi. (Nağıl).
Bir neçə il ondan sonra Mirzə qonşunun qızına eşq yetirib anasını elçi göndərdi. Ə.Haqverdiyev.
Eşq olsun! – mədh, tərif yerində işlənir (bəzən “afərin” mənasında da işlənir).
Deyirəm, eşq olsun dünən və bu gün; Azadlıq yolunda can verənlərə! B.Vahabzadə.
Eşqə düşmək (tutulmaq, giriftar olmaq və s.
) –
1) aşiq olmaq, sevmək, bənd olmaq, vurulmaq.
Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir.
Görcəyin gözəl Leylini; Bəyəndim şirin dilini; Eşqə bələndim, meylini; Bil mana sarı görəndə. Aşıq Ələsgər;
2) hədsiz dərəcədə bir şeyin həvəsində, həsrətində olmaq, arzusunu çəkmək, istəmək.
Axırda mən özüm də bir belə eşqə düşdüm ki, özümə bir yan tütəyi ələ gətirib başladım yavaş-yavaş çalmağa… C.Məmmədquluzadə.
Eşqə gəlmək – təbə gəlmək, cuşa gəlmək, ilhamlanmaq.
Yenə də ortada imtahan gərək! Yoxsa ki, gündə bir eşqə gələrək; Sonra da ardınca baxıb ağlamaq; Əskiklik gətirir hər insana, bil! S.Vurğun.
Sordum: – Nədən, gözəl çoban; Eşqə gəlib ney çalırsan? N.Rəfibəyli.
Eşqə salmaq – sevməsinə, aşiq olmasına səbəb olmaq, özünə aludə etmək.
Əğyarı eşqə salmağa ol şuxi-dilfirib; Qeyrilə görcəyin mənə çox eylər ehtiram. S.Ə.Şirvani.
Eşqi cuşa (tüğyana) gəlmək – həvəsə gəlmək, cuşa gəlmək, çox həvəslənmək.
Qoğuz padşahın eşqi cuşa gəldi, durub gəlməkdə olsun Nardan xanımın yanına. (Nağıl).
Qurbani zindanda Pəri xanımı yadına saldı, eşqi tüğyana gəlib sazı sinəsinə basdı. “Qurbani”.
Allah eşqinə – bax
Allah.