Filateliya
Filateliya — poçt markalarını və poçt tarixini öyrənən sahə. Poçt markası yığmaq filateliyanın sahələrindən biridir.
İlk dəfə marka yığmaq tembrofliya və ya tembrologiya (fransız dilindən tərcümədə tembr — poçt markası deməkdir) adlandırılmışdır. Sonradan marka yığmaq markamaniya adlandırılmışdır. 1864-cü ildə fransalı Jorj Erena marka yığmağı filateliya adlandırmışdır.
1899-cu ildə bütün dünyada filatelistlərin sayı 1 milyona yaxın olmuşdur. On il sonra isə İngiltərənin "Ştamp Adventiser" jurnalının yazdığına görə marka yığanların sayı daha 500 min nəfər artmışdır. Birinci dünya müharibəsindən sonra isə marka yığanların sayı 2,3 milyon, 1940-cı ildə 7,5 milyon, 1967-ci ildə "İtaliya filateliyası" jurnalının yazdığına görə isə marka yığanların sayı 18 milyon nəfərə çatmışdır.
Hal-hazırda aparılmış araşdırmalara görə marka yığanların sayı 100 milyon nəfərə yaxındır.
Filatelistlər hər hansı ölkənin poçt markasını topladıqda istər-istəməz həmin ölkənin tarixini, memarlığını, flora və faunasını, dahi şəxsiyyətlərini, idman aləmində nailiyyətlərini öyrənir.