Fərəməz Maqsudov
Maqsudov Fəraməz Qəzənfər oğlu (20 mart 1930, Naxçıvan – 30 iyul 2000, Bakı) — fizika-riyaziyyat elmləri doktoru, akademik, Azərbaycan Elmlər Akademiyasının (AEA) prezidenti (1997–2000).
== Həyatı ==
Fəraməz Maqsudov 1930-cu il martın 20-də Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. Maqsud xanın nəslindəndir.
Fəraməz Maqsudov 1948-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi qızıl medalla bitirmişdir.
== Elmi fəaliyyəti ==
1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika–riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1959-cu ildə fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1974-cü ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcələrini, 1976-cı ildə professor elmi adını almış, 1976-cı ildə AEA-nın müxbir üzvü, 1980-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1954–2000-ci illərdə Riyaziyyat və Mexanika İnstitutunda əyani aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışmışdır. AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi (1980–1997), AEA prezidenti (1997–2000), 1994–2000-ci illərdə Dövlət Ali Ekspert Komissiyasının sədri, Milli Məclisin üzvü olmuşdur.
F.Maqsudov 2000-ci ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
== Əsas elmi nailiyyətləri ==
F.Maqsudovun əsas elmi tədqiqatları funksional analiz, differensial tənliklər və funksiyalar nəzəriyyəsi sahəsinə aiddir.