GÖZƏLLİK (müxtəlif mənalarda) Gözəllik bəxşişdir; Bəxşişlə öyünməz insan (B.Vahabzadə); CAMAL (üz gözəlliyi) Gözümdən çəkilmir xəyalın sənin; O şirin gözlərin, camalın sənin.. (R.Rza); DİLRÜBALIQ Gözün hərçənd sahirdir, həbibim, dilrübalıqda (Qövsi); GÖYÇƏKLİK Zülfün üzünü tutsa da, göyçəkliyin artır; Zülmət gecələr olmasa, aydın səhər olmaz! (Ə.Vahid); HƏSƏNAT (kl.əd.) [Molla İbrahimxəlil:] Mən deyiləm məgər bir təqva sevən və həsənata .. vaqif olmuşam (M.F.Axundzadə); HÜSN Xoş havalarda artırmanın başqa hüsnü vardı (Çəmənzəminli); XUBLUQ (kl.əd.) Kərəm: Camalın xubluğu mat elər şahı.. (“Əsli və Kərəm”); QƏŞƏNGLİK, YARAŞIQ Cəmilənin sıx qara saçları .. sifətinə bir qəşənglik, bir yaraşıq verir (S.Rəhimov); LƏTAFƏT Bəhram: Planı sizin keçmiş lətafətiniz? (C.Cabbarlı); MƏLAHƏT Qızarmış yanaqları, uzun kirpikləri, iri gözlərinin süzgün baxışı qadına məlahət verirdi (T.Ş.Simürğ); VƏCAHƏT (gözəl üz) Qəmərin vəcahəti ala gözlərində özünü toplamış, onun süzgün baxışlarında özünə yuva salmışdı (S.Rəhimov); YARAŞIQ Azər: Bu yaraşığın isə səndən asılı olmayaraq yaranmışdır (Ə.Kərim); ZİBALIQ Səni zibalıqda; Görməyən göz gözdürmü? (San Aşıq); ZÖVQ Nə xoş gəlib bu qış, bu qar; Qışın da başqa zövqü var (M.Dilbazi).