Daraqlı timsah
Daraqlı timsah və ya Duzlu su timsahı (lat. Crocodylus porosus) — əsl timsahlar sinfinə daxil olan, çağdaş dövrdə yaşayan ən böyük sürünən.
Öz dəstəsinin ən böyük nümayəndəsi, eləcə də ən böyük quru və ya sahil yırtıcısı. Bu növün erkəkləri təxminən iki ton kütləsi ilə yeddi metr uzunluğa çata bilir. 5.2 metr uzunluğa müntəzəm böyüyən yeganə müasir timsah növüdür. Digər tərəfdən, dişi daraqlı timsahlar erkəklərə nisbətən daha kiçikdir.
Daraqlı timsah duzlu suda yaşaya bilən, lakin ümumiyyətlə manqrov bataqlıqlarında, deltalarda, laqunlarda və çayların aşağı axarlarında yaşaması ilə seçilirlər. Digər çağdaş timsah növlərindən daha geniş ərazidə yayılmışdır. Arealı Hindistanın şərq sahillərindən başlayaraq, Cənub-Şərqi Asiyanın əksəriyyət ərazilərindən Cənubi Avstraliyaya qədər uzanır. Keçmişdə bu nöçün nümayəndələri Afrikanın şərq sahillərində və Yaponiyanın cənub sahillərində belə yayılmışdı.