Mehdi Abbasov (direktor)
Mehdi Abbasov (tam adı:Mehdi Əli oğlu Abbasov, d.1898, İrəvan-v.1979, Bakı) — dövlət xadimi, "Azdövsutəslayihə" institutunun (II) direktoru.
== Həyatı ==
Mehdi Əli oğlu Abbasov 1898-ci ildə Qərbi Azərbaycanın İrəvan şəhərində pinəçi ailəsində anadan olmuşdur. 1909-1911-ci illərdə İrəvan şəhərindəki Rus-Tatar məktəbində, 1911-1913-cü illərdə isə şəhər ibtidai məktəbində təhsil almışdır. 1912-ci ildə anası, 1913-cü ildə isə atası vəfat edən Mehdi Abbasov təhsilini yarımçıq qoyaraq, çörək pulu qazanmaq üçün işləmək məcburiyyətində qalmışdır. Əmək fəaliyyətinə 1913-cü ildə İrəvandakı quberniya nəşriyyatında cildçi-fəhləlikdən başlamışdır. 1916-1917-ci illərdə nəşriyyatda usta köməkçisi işləmiş, 1917-1918-ci illərdə isə şəhər məhkəməsində katiblik etmişdir. Erməni daşnaklarının 1918-ci ildə şəhərdə törətdiyi vəhşiliklər nəticəsində yerli əhalinin yaşayış səviyyəsi ağırlaşdığına görə doğma şəhərini tərk edərək, əvvəlcə Tiflis şəhərinə, oradan da Gəncə şəhərinə gəlmişdir. Bir müddət yeməkxanada çayçı, 1919-cu ildən isə Xankəndində yerləşən Atıcı diviziyasında katiblik etmişdir. Diviziyanın mollası Mirzə Cəlal və xəstəxananın baş həkimi Marqulisin köməkliyi ilə 1920-ci ildə Xankəndinə gələn, dövrünün tanınmış inqilabçıları Çingiz İldırım və Serqo Orconikidze ilə tanış olmuşdur. Bu görüşdən az sonra ona Şuşa şəhərində yerləşmiş hərbi komissarlıqda katiblik işini aparmaq tapşırılmışdır.