Qırmızı göl
Qırmızı göl — Azərbaycan ərazisində göl. Qanlı göl olaraq da adlandırılır.
== Haqqında ==
Ərazisi 7,2 km², suyunun həcmi isə 8,3 mln m³ olan Qırmızı göl Qaradağ ərazisində, Lökbatan qəsəbəsinin cənubunda yerləşir. Qırmızı gölə axıdılan çirkab sularının əsasını Lökbatan qəsəbəsinin məişət çirkab suları və Xocahəsən gölündən axan sular təşkil edir. Gölə çirkab sularının axıdılması onun suyunun oksigen rejiminin pozulmasına səbəb olub. 1976-cı ilə kimi bu göldən neft mədənlərindən çıxan lay sularının qəbuledici anbarı kimi istifadə olunmuşdur.
Qırmızı göl şor sulu göllər qrupuna aiddir. Göl suyunun tərkibində kation və anionların konsentrasiyaları (kalsium, maqnezium, xloridlər, sulfatlar) YVQH-dən dəfələrlə coxdur. Ərazidə radiasiya fonu norma daxilindədir. Gölün uzun müddət antropogen təsirlərə məruz qalması, neft və neft məhsulları ilə, fenollarla həddindən artıq çirklənməsi və digər neqativ təsirlər nəticəsində onun geoloji quruluşu, torpaq süxurları, dibinin relyefi və digər parametrləri deqradasiyaya məruz qalmış, dib çöküntülərində çoxlu miqdarda neft məhsulları yığılmışdır.