Hilal Münşizadə
Hilal Münşizadə (24 aprel 1899, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 22 avqust 1994, Bad-Honnef[d], Şimali Reyn-Vestfaliya, Almaniya Federativ Respublikası) — Cümhuriyyət tələbəsi, publisist, mühacir.
== Həyatı ==
Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1918-ci ildə Şuşa real məktəbini bitirib. Azərbaycan Cümhuriyyəti dövründə bir müddət Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında çalışıb. 1919-cu ildə hökumətin seçdiyi və parlamentin təsdiq etdiyi yüz tələbədən biri olub, dağ-mədən mühəndisliyi üzrə təhsil almaq üçün Berlin Universitetinə göndərilib.
== Sovet işğalından sonra fəaliyyəti ==
1920-ci ildə Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduğu üçün universiteti oxuyub bitirdikdən sonra bir daha vətənə dönməmiş, Almaniyada qalmışdır. Azərbaycan mühacirləri içərisində fəal siyasi iş aparmış, 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan İstiqlal Komitəsi"nə sonralar sədrlik etmişdir. Onun rəhbərliyi ilə bu təşkilat uzun müddət Avropa ictimaiyyətinin və dövlətlərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsinə cəlb edə bilmişdi. Hilal Münşi "Müsavat" partiyasının Berlin komitəsinə başçılıq etmiş, 1928-ci il mayın 28-də Berlində Azərbaycanın müstəqilliyinin elan olunmasının 10 illiyinin bayram edilməsinin əsas təşkilatçılarından olmuş, bu münasibətlə keçirilən iclas onun "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda çıxışı ilə açılmışdır. 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" əsəri nəşr olunmuşdur.