Hilal Münşizadə (24 aprel 1899, Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 22 avqust 1994, Bad-Honnef[d], Şimali Reyn-Vestfaliya, Almaniya Federativ Respublikası) — Cümhuriyyət tələbəsi, publisist, mühacir.
Hilal Münşizadə | |
---|---|
Doğum tarixi | 24 aprel 1899 |
Doğum yeri | |
Vəfat tarixi | 22 avqust 1994 (95 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | publisist, bürokrat |
Əsərlərinin dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Hilal Hacı Mirzə Məhəmməd bəy oğlu 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1918-ci ildə Şuşa real məktəbini bitirib. Azərbaycan Cümhuriyyəti dövründə bir müddət Ziraət və Dövlət Əmlakı Nəzarətinin dəftərxanasında çalışıb. 1919-cu ildə hökumətin seçdiyi və parlamentin təsdiq etdiyi yüz tələbədən biri olub, dağ-mədən mühəndisliyi üzrə təhsil almaq üçün Berlin Universitetinə göndərilib.
1920-ci ildə Azərbaycan sovet qoşunları tərəfindən işğal olunduğu üçün universiteti oxuyub bitirdikdən sonra bir daha vətənə dönməmiş, Almaniyada qalmışdır. Azərbaycan mühacirləri içərisində fəal siyasi iş aparmış, 1924-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin yaratdığı "Azərbaycan İstiqlal Komitəsi"nə sonralar sədrlik etmişdir. Onun rəhbərliyi ilə bu təşkilat uzun müddət Avropa ictimaiyyətinin və dövlətlərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsinə cəlb edə bilmişdi. Hilal Münşi "Müsavat" partiyasının Berlin komitəsinə başçılıq etmiş, 1928-ci il mayın 28-də Berlində Azərbaycanın müstəqilliyinin elan olunmasının 10 illiyinin bayram edilməsinin əsas təşkilatçılarından olmuş, bu münasibətlə keçirilən iclas onun "1918-ci il 28 mayın əhəmiyyəti" mövzusunda çıxışı ilə açılmışdır. 1930-cu ildə Berlində almanca "Azərbaycan Cümhuriyyəti" əsəri nəşr olunmuşdur. 1934-cü ildə Berlində Hilal Münşinin redaktorluğu ilə əsası qoyulan "Qurtuluş" jurnalı 1939-cu ilin sentyabrınadək fasiləsiz olaraq çıxmışdır. Mühacirətdə baş verən ixtilaflar dövründə Məhəmməd Əmin Rəsulzadənin mövqeyini müdafiə etmişdir. İkinci dünya müharibəsi başlayanda Məhəmməd Əmin Rəsulzadə ilə birlikdə Berlində Milli Azərbaycan Komitəsini yaratmış, müharibədə əsir düşən azərbaycanlıları xilas etmişdir.[1]
12 aprel 1950-ci ildə Üzeyir Hacıbəylinin vəfatı ilə bağlı Hilal Münşizadə Ceyhun Hacıbəyliyə bu məktubu yazmışdır:
ÇOX SAYIN (HÖRMƏTLİ) CEYHUN BƏY !
Mərhum Üzeyir Bəyin vəfatı münasibətilə vaxtilə Sizə göndərmiş olduğum bir taziyət (başsağlığı) məktubunu o zaman geri aldım. Münhendəki vətəndaşlarımızdan biri tərəfindən mənə bildirilmiş olan o zamankı adresin yanlış olduğu anlaşıldı. İndiki məktubun, təkrar Münhendən mənə bildirilən bu yeni adresdə Sizə yetişəcəyini ümid edirəm, mədari (mehvər) fəxrimiz olan böyük Üzeyir Bəyin vəfatından duyduğum təəssüf və acı duyğularımı Sizə bildirmək istərəm. Milli oyanış tariximizin ən tanınmış siması olub bilhassa (xüsusilə) qəzetəçilik və musiqi, ədəbiyyat və teatro kimi geniş sahələrdə Azərbaycan üçün unudulmaz başarılar (uğurlar) əldə edən və qiymətli əsərləri ilə milli kültürümüzü (mədəniyyətimizi) zənginləşdirən mərhum aramızdan nisbətən, çox erkən ayrıldı. Milli nə varsa, hər şeyi yaxıb-yıxan və xalqımızı milli mənliyindən təcrid etmək yolunda hər türlü (hət cür) vəhşiliklərə təvəssül (yaxınlıq) edən bolşevizm dövründə Azərbaycan musiqisini parlaq bir surətdə inkişaf etdirən Üzeyir Bəy bolşevik rejimi şəraiti içində və hər türlü güclüklərə rağmən milli mədəniyyətimizin bu böyük qolunu müdafiə etməsini bilən ən dəyərli bir Azəridir. Halbuki sovet rejimində milli hars (varlıq) və milli kültür (mədəniyyət)- bilindiyi vəch ilə -Moskvanın imha (məhv) etmək istədiyi başlıca düşmənlərdir. Milli ədəbiyyatımızın tamamilə imha (məhv) edilmiş olduğunu bilirik. Milli xalq musiqimizin yaşamasını və hətta inkişaf etdirilmiş olmasını millətimiz munhasıran (yalnız) mərhum Üzeyir Bəyə, onun məharətinə və onun ustalığına medyundur (borcludur). Mərhum, milli sənəti, başarı (uğuru) və fəaliyyəti ilə rusun darbəsindən (çevriliş) qorumuş və kəndisindən ( özündən) sonra millətinə ölçü-biçilməz bir əsər, böyük bir miras burakmışdır (qoymuşdur). Milli Azərbaycanın malı olan Üzeyir Bəyin canlı xatirəsi hər bir azərinin qəlbində dərin köklər salmışdır. Hamımız Üzeyir Bəylə iftixar edirik. Siz onun simasında bir qardaş kaybetmişkən (itirmişkən) ötəki (o biri) matəmzədə (hüzünlü) vətəndaşlarınız da milli kültürü müdafiə və inkişaf etdirən böyük bir sənətkarından məhrum qalmışdır. Dost və düşmən, bədxah və xeyirxah və hətta bizzat (özü) müstəvlilər (laqeyd olanlar) belə bu böyük zəkanın qarşısında dərin bir hörmətlə əyilirlər. Onunla hamımız iftixar edirik. Bu, uğradığımız böyük matəm içində acılarımızı (kədərimizi) həfifləşdirən (yüngülləşdirən) bir təsəllidir. Çox yazıq ki, (heyf) mərhum, vətəninin təkrar istiqlala qovuşacağı yaxın tarixlərə qədər yaşamadan həyata vida etdi. Bu məsud günün hülul (yetişəcəyinə) bizlər kimi şübhəsizdir ki, O, da inanmışdır. Zira (çünki) Üzeyir Bəy - əsərlərinə istinadən hökmedəcək olursaq –milliyyətçi Üzeyirdir, bütün ilhamını milli qaynaqlardan alan və milli sənəti gelişdirən (inkişaf etdirən) bir şəxsiyyətdir. Mərhumun vəfatından duyduğunuz ələm (dərd) və acılara (kədər) iştirak etdiyimi bildirmək istərəm. Aramızdakı akrabalıq (qohumluq) bağları bu matəmdən duyduğum yeis (hüzn) və təəssürü (kədəri) bir qat daha artırmış bulunur ( olur). Məlfuf (zərfin içinə qoyulmuş) yazıları Türkiyədən göndərmişlər. Tarixi önəmi haiz (malik) olduğu üçün daima kitablarımın arasında saxladım və müstəqil, bağımsız Azərbaycanın Bakıda quracağı “Üzeyir Bəy muzeyi” üçün qorumuşam. Eyni məqsədlə Sizə təqdim edirəm. “Ulus”dan kəsdiyim türkcə məqaləni Emin bəy yazmışdır. “Pravda”nın yazısı da fəna (pis) deyildir, zənnindəyəm. Təbiidir ki, məzkur (qeyd edilən) yazıdakı bəzi propoqandanı (təbliğatı) hesaba qatmamaq icab (zəruri) edir. Yazıdakı propoqanda amilləri bərtərəf (dəf) ediləcək olursa, Üzeyir Bəyin tərcümeyi-halı tam deyilsə də, bir dərəcəyə qədər doğru təsvir edilmişdir. Sizə və çox sayın xanıməfəndilərinə taziyyətlərimi (başsağlığı) təqdim edər və dərin sayğılarımı (ehtiram) bildirirəm, çox sayın (hörmətli) Ceyhun bəy. Sayğılarımla HİLAL MÜNŞİ |