Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası və ya qısaca AMİP — Azərbaycanda 3–4 iyul 1992-ci il tarixlərində Etibar Məmmədov rəhbərliyində təsis edilmiş, 17 iyul 1992-ci il tarixində Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçmiş partiya. Partiya müstəqil Azərbaycan tarixində rəsmi olaraq dövlət qeydiyyatından keçmiş və rəsmi olaraq təsis edilmiş ilk siyasi partiya olmuşdur.
Azərbaycan Milli İstiqlal Partiyası Azərbaycan Xalq Cəbhəsinin sabiq üzvləri tərəfindən təsis olunmuşdur. Partiya I çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 3 millət vəkili — Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn, daha sonra transfer üsulu ilə daha 3 millət vəkili — Novruz Quliyev, Cəbrayıl Əhmədov və Gülnarə Qurbanova ilə təmsil olunmuşdur.
Azərbaycan Milli İstiqlal Partiyası II çağırış Azərbaycan Respublikasının Milli Məclisində əvvəlcə 1 millət vəkili — Rifət Ağalarov, daha sonra isə daha 1 millət vəkili — Hidayət Qulamov ilə təmsil olunsa da, partiyanın parlamentdə iştirakdan imtina qərarına riayət etmədikləri üçün hər iki millət vəkili partiya sıralarından uzaqlaşdırılmışdır.
Azərbaycan Milli İstiqlal Partiyası indiyədək 12 qurultay keçirmiş, 5 dəfə yeni sədr seçmişdir. Partiya sıralarında olmuş bir çox şəxs daha sonralar istefa vermiş, irəliləyən zamanlarda isə yüksək vəzifələrə təyinat almışdır. Bu şəxslərə sabiq baş nazir Novruz Məmmədov, baş nazirin sabiq müavini Elçin Əfəndiyev, baş nazirin müavini Əli Əhmədov, səfir, sabiq xarici işlər naziri Vilayət Quliyev, sabiq dövlət müşaviri Qabil Hüseynli, Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Gündüz Cəlilov, Müəllif Hüquqları Agentliyinin sabiq sədri Abutalıb Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov, ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Novruz Quliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin sabiq sədri Ramin Bayramlı, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və başqaları nümunədir. Həmçinin, partiya sıralarına əvvəllər vəzifə sahib olmuş şəxslər də qatılmışdır. Bu şəxslərə Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Eldar Salayev, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat Yusif Bağırzadə və başqaları nümunədir.