1. sif. Yaxşı itilənmiş, kəskin, çox kəsici. İti bıçaq. İti balta. İti ülgüc. İti qılınc.
// Ucu şiş, batıcı, deşici. İti ox. İti tikan.
– …Heç bir zaval görməyəcəyini [pişik] hiss etdi, iti caynaqlarını qabırğaya ilişdirdi. İ.Hüseynov.
2. sif. Getdikcə sivriləşən, ucu sivri, şiş.
Boz mərmərdən qayrılmış yazı cihazının üstündə iti (z.) qəddənmiş rəngli qələmlər görünürdü. M.Hüseyn.
3. zərf və
sif. Çox sürətli; tez, cəld, bərk çaparaq. İti sürmək. İti yerimək. İti danışmaq.
– [Səməd] əllərini solmuş çuxasının qollarına qoyub, … küçənin ortası ilə iti ötür. Çəmənzəminli.
Ancaq Məzlum üsulluca restoranı tərk etdi, iti addımlarla buradan uzaqlaşdı. E.Sultanov.
…[Səmədin] beyni elə bil əvvəlkindən də iti işləməyə başlamışdı. İ.Hüseynov.
// Sürətlə axan. İti su. İti çay.
4. sif. məc. Kəskin, nüfuzedici, çox təsirli. İti söz. İti baxış. İti səs.
– Onun iti nəzərləri geniş üfüqlərə nüfuz edir. M.Hüseyn.
İşlədi knyazın geniş qəlbinə; Aşığın ox kimi iti sözləri. M.Rahim.
Bahadır öz gur və iti səsi ilə çağırdı… S.Rəhman.
// Çox şiddətli, bərk.
İti çovğunlardan sonra yaz fəsli gəldi. N.Nərimanov.
5. sif. məc. Tez qavrayan, tez başa düşən; fəhmli, qabil. İti ağıl. İti zehni var.
– Onun hazırcavablığı və açıqlığı, iti fikir sahibi olması bizə nə qədər xoş gələrdi… M.İbrahimov.