Keçəçilik
Keçəçilik — Qədim xalq sənəti növü
=== Keçənin yaranması ===
Xalq sənətinin ən geniş yayılmış növlərindən biri toxuculuqdur. Toxuculuğun tarixi isə bilavasitə keçənin yaranması və istifadəsi ilə bağlıdır. Çünki bəzi alimlər toxuculuq sahəsində apardıqları araşdırmalarda keçəçiliyin onun ilk rüşeymi olduğu qənaətinə gəlmişlər. Keçənin dəqiq nə vaxt və harada yaranıb istifadə olunduğu haqqında məlumat yoxdur. Araşdırmalar zamanı keçə sözünə ilk dəfə eramızdan əvvəl 1200–1100-cü illərdə aparılan Troya müharibələrindən bəhs edən Homerin "İlliada" əsərində rast gəlindiyi məlum olur. E.ə. V əsrdə yaşamış yunan tarixçisi Herodot sakların başda düz dayanan və keçədən tikilmiş ucu şiş papaq qoyduqları haqqında məlumat verir. Qeyd edək ki, ucu şiş keçə papağı azərbaycanlılar börk adlandırırdı.
== Azərbaycanda keçəçiliyin tarixi ==
Keçədən Azərbaycanda ilk dəfə nə vaxtdan istifadə edilməsi haqqında dəqiq məlumat yoxdur. Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı qədim dövrə aid keçə parçaları və onun hazırlanmasında işlədilən alətlər hələlik tapılmayıb.