Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu
Keşikçidağ Dövlət tarix-mədəniyyət qoruğu — Ağstafa rayonu ərazisində Keşikçidağ silsiləsinin bir hissəsini əhatə edən mağaralar kompleksinində qoruq.
== Coğrafi mövqeyi ==
"Keşikçidağ" mağara-məbədlər kompleksi Ağstafa rayonunun mərkəzindən 75 km məsafədə, Böyük Kəsik kəndindən 28 km şimal istiqamətində yerləşir. Kompleks sərhəd zolağı boyunca 25 km-dək uzanır. "Keşikçidağ" mağara-məbədlər kompleksi ucsuz-bucaqsız Ceyrançöl adlanan ərazidə, Qatardağ silsiləsində, Candargöl gölündən 15 km şimal-şərq istiqamətindən başlayaraq dəniz səviyyəsindən 750–950 m hündürlükdə dağların cənub və cənub-şərq tərəfindəki sıldırım qayalıqlarda yerləşir.
== Ümumi məlumat ==
Qoruğun ərazisində 100-ə qədər ilkin və orta əsrlər dövründə yaradılmış süni və təbii mağaralar, ulu əcdadlarımızdan bizə miras qalmış qədim yaşayış yerləri, 100-ə yaxın son tunc və ilkin dəmir dövrünə aid kurqanlar, Qafqaz Albaniyasının yerli əhalisi tərəfindən ilkin orta əsrlərdə sıldırım dik qaya üzərində müdafiə məqsədilə inşa edilmiş, 11 metr hündürlüyündə üçmərtəbəli bir qala, üzü cənub istiqamətinə baxan, bir birindən 1500 metr aralıda yerləşən və yerli daş materiallardan inşa olunmuş iki alban məbədi, “Keşikçidağ” mağaralar kompleksində yerləşən, yerli əhali tərəfindən “Qüdrət” bulağı kimi tanınan ziyarətgah yerli sakinlərin qədim tarixə malik olan mənşəyini, mədəniyyətini, dini-etnik xüsusiyyətlərini özündə əks etdirir.
“Keşikçidağ” mağaralar kompleksinin ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi-mədəniyyət nümunələri də ulu əcdadlarımızdan xalqımıza qalan mirasdır.
Sovetlər dönəmində həmin abidələri tədqiq etmək mümkün olmamışdır.
Freskaların çəkildiyi mağara divarlarının dağıntıları nə təbiətin, nə də zamanın müdaxiləsi nəticəsində baş verib.
1948-ci ildən başlayaraq 1990-cı ilədək mağaraların çapıldığı qayaların yaxınlığında hərbi poliqon yerləşib. Uzun illər burada artilleriya təlimləri keçirilib.