[
fars. ]
1. bax
qıraq 1-ci mənada. Çayın kənarı. Yolun kənarı.
– …Bir həyətdə bir müsəlman arvadı arxın kənarında qab yuyurdu. C.Məmmədquluzadə.
Kəndin kənarından get-gedə sıxlaşan və iriləşən qamışlıq başlanırdı. M.Rzaquluzadə.
2. sif. Yad, özgə, başqa.
Cuma evdə kənar adam olmadığını bildi. Ə.Əbülhəsən.
3. is. Özgə yer, tamamilə başqa yer; xaric. Kənardan gəlmiş adam.
– [Koroğlunun] bir belə xasiyyəti var ki, kənar yerlərdən gələn karvanları soymur. “Koroğlu”.
[Müdir:] Mən kənardan gəlmiş bir adamam, başım ancaq məktəbin işlərinə məşğuldur. Ə.Haqverdiyev.
4. is. Ətraf, yan.
Rüstəm ayağa qalxdı, evin kənarına səpələnmiş çırpını topladı, həyətdə gur bir ocaq qaladı. S.Rəhimov.
5. sif. və
zərf Mərkəzdən uzaq, qıraq. Kənar ev. Kənar tikili. Kənar məhəllə.
– Kənarda bir dükan görsənir. C.Məmmədquluzadə.
Xavər on-on beş addım kənardakı dükanın piştaxtasına söykənərək mürgüləyən qoca çörəkçiyə yanaşdı. M.İbrahimov.
6. zərf Çox vaxt yerlik halda: kənarda – uzaqda, aralı.
Daşlıca azı kənddən beş verst kənarda, bağ-bağatlı yolların ayrıcında bir yer idi. Mir Cəlal.
7. is. Məhəccər, sürahi mənasında.
Mehriban əllərini balkonun kənarına dayamış olduğu halda gözü küçəyə baxırdısa da fikri və xəyalı uzaqlarda idi. S.Hüseyn.
◊ Kənar etmək (eləmək) –
1) uzaqlaşdırmaq, rədd etmək.
…Lazımdır mikrobları millətin bədənindən kənar eləmək. C.Məmmədquluzadə.
Çünki Qızıl Arslan məlikəyə evlənmək üçün Azərbaycan xalqının sevdiyi vəliəhdi kənar edib, məlikənin oğlunu vəliəhd təyin edə bilməzdi. M.S.Ordubadi;
2) qovmaq, çıxarmaq (işdən, məktəbdən və s).
…Axırda [Cəlilin] əlindən molla təngə gəlib onu məktəbdən kənar elədi. İ.Musabəyov;
3) atmaq, götürmək.
[Şah Sitarəyə:] Sənə hökm edirəm, kənar et örtüyü! C.Cabbarlı.
Kənar gəzmək (dolanmaq) – əlaqəni kəsmək, özünü uzaq tutmaq, yaxınlıq göstərməmək, uzaq olmaq.
Əlində fənər gəzər; Gəzdikcə yanar gəzər; Bir kəs ki, yoxsul olsa; Dost ondan kənar gəzər. (Bayatı).
[Qurbani:] Səbəb nədi məndən kənar gəzirsən? Sirrsözün yadlara deyən deyiləm. “Qurbani”.
Qafil! Dolanma gəl, eşqdən kənar; Ən böyük musiqi canan səsidir. S.Vurğun.
Kənar olmaq – uzaqlaşmaq, özünü uzaq tutmaq.
[Dərviş Şeyx Sənana:] Əgər fövqəlbəşər olmaq dilərsən; Kənar ol daima cinsi-bəşərdən. H.Cavid.
[Mansur xan:] Burada dəxi dayanmayıb, kənar olub tez gedin. C.Cabbarlı.
Kənar(a) atmaq –
1) bir yana tullamaq, atmaq.
Arvad əlində toxuduğu corabı kənara atıb, qalxıb ərinin başı altına bir mütəkkə qoydu. Ə.Haqverdiyev.
…Zərintac xanım bəzəkli yorğanı üstündən kənara atdı, atılıb çarpayısından yerə düşdü. S.Rəhimov;
2) məc. unutmaq, yaddan çıxarmaq, əlaqəni kəsmək, məhəl qoymamaq. Qul Abbası nə kənara atmısan; Hərcayilə ülfətini qatmısan… Aşıq Abbas;
3) məc. əhəmiyyət verməmək, sərf-nəzər etmək, bir tərəfə buraxmaq.
Mən təklif edirəm ki, müraciətnamə məsələsini tamamilə kənara ataq. M.S.Ordubadi.
Kənar( a) düşmək – uzaq düşmək, uzaq olmaq, əlaqəsi kəsilmək.
Müşküldü mən kənara düşüm kuyi-yardən… Natəvan.
Talasından kənar düşərsə ceyran; Gəzər yoldaşları bir zaman heyran. M.Rahim.
Kənara çəkilmək – uzaqlaşmaq, kənar olmaq, bir yana çəkilmək.
Kəndlilərin bir neçəsi çıxdı eşiyə və bir neçəsi oturduğumuz töylədə olan atlardan bir neçəsini yəhərləyib çəkildilər kənara. C.Məmmədquluzadə.
Həbib bəy özünü göstərməmək üçün bir kənara çəkildi. S.Rəhman.
Kənara çəkilmə, bil ki, bu gündən; Bu gün mənə varsa, sabah sənə var. B.Vahabzadə.
Kənara çəkmək – bir tərəfə çəkmək, qırağa çəkmək, bir tərəfə aparmaq.
Cantək səni kənarə çəkər pullu dayilər; Hər yerdə az deyil səni mehman edən, çocuq! M.Ə.Sabir.
Kənara çıxmaq –
1) əsas işdən, məsələdən və s.-dən uzaqlaşmaq. Mövzudan kənara çıxmaq;
2) bir qədər aralanmaq, azacıq uzaqlaşmaq.
Xaspolad dəstədən kənara çıxıb əsgəri kazarmaya doğru getdi. M.Hüseyn.
Kənara tullamaq – bax
kənara atmaq.
Keçən sərgüzəşti tulla kənara; Bihudə hekayət zamanı deyil. Q.Zakir.
Şaqqulu ağ parçanı kənara tullayıb, gəlinin üzünü görcək cəld geri çəkildi… Çəmənzəminli.
Kənarda qalmaq –
1) bax
kənarda durmaq.
[Zeynal:] Mehriban, – dedi, – özün etiraf edirsən ki, sənin bizdən kənarda qalmağın münasib deyil. S.Hüseyn;
2) məc. Unudulmaq, yaddan çıxmaq.
Qaldı bütün kənarda; Can verənlər, ölənlər. Ə.Cavad.
// İştirak etməmək (bir işdə). Bir nəfər də olsun gənc pambıqçı yarışdan kənarda qalmamışdır.
…kənarda (kənara) qalsın –
…bir tərəfdə (yanda) qalsın (bir şeydən sərf-nəzər etmək mənasında).
Hələ açıq gəzmək kənarda qalsın… S.S.Axundov.
[Akif:] İşin çətinliyi bir kənara qalsın… M.İbrahimov.
Kənarda durmaq – qarışmamaq, müdaxilə etməmək, iştirak etməmək. İşdən kənarda durmaq.
…kənarda dursun – bax
…kənarda qalsın.
[Leyla xanım:] …Ancaq qoy bu söhbət dursun kənarda. N.Vəzirov.
Kənardan baxan – hadisəyə tamaşa edən; görən; seyrçi.
Kənardan baxan nə deyər? – Kənardan baxan əcnəbilər bizə deyirlər. C.Məmmədquluzadə.
Yandı əhvalına kənardan baxan; Doğdu ürəklərdə min şəfqətli hiss. M.Rahim.