Lal Bihari
Lal Bihari (və ya Lal Bihari Mritak; 6 may 1955, Amilo[d], Uttar Pradeş) – Hindistanın Uttar-Pradeş ştatının Amilo kəndindən olan fermer və aktivist. O, 1975–1994-cü illərdə rəsmi olaraq ölü kimi qeydiyyatda olmuş və 19 il boyunca Hindistan bürokratiyasına sağ olduğunu sübut etməyə çalışmışdır. Adına Mritak (hərf. ölmüş) sözünü əlavə etmiş, bu cür hadisələri işıqlandırmaq üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını qurmuşdur.
== Həyatı ==
Bihari məşhurlaşmazdan öncə Uttar-Pradeş ştatında yerləşən bir kənddə yaşayan fermer idi. O, bankdan borc almaq üçün Azamqarh rayonunun gəlir idarəsinə yaxınlaşmışdır. Bu zaman ölü kimi qeydiyyatda olduğunu öyrənmişdir. Onun dayısı məmurlardan birinə rüşvət verərək Biharinin ölü kimi qeydiyyata alınmasına nail olmuş, beləcə, Biharinin Khalilabadda yerləşən bir akrlıq torpağının varisliyini götürmüşdür.
Bihari 100-dən çox insanın eyni vəziyyətlə üzləşdiyini, rəsmi olaraq ölü göstərildiyini öyrənmişdir. Məsələni gündəmə gətirmək üçün Uttar-Pradeş Ölü Adamlar Assosiasiyasını yaratmışdır. O və digər üzvlər onları ölü kimi göstərməyə nail olmuş şəxslər tərəfindən öldürülmək təhlükəsi ilə üzləşmişdirlər.