Liderə pərəstiş
Şəxsiyyətə pərəstiş və ya liderə pərəstiş həmçinin şəxsiyyət kultu — bir hökumət tərəfindən, çox vaxt qeyd-şərtsiz yaltaqlıq və təriflər vasitəsilə ideallaşdırılmış və qəhrəmancasına lider obrazı yaratmaq üçün göstərilən səyin nəticəsidir. Tarixən o, kütləvi informasiya vasitələri, təbliğat, saxta xəbərlər, tamaşa, incəsənət, vətənpərvərlik, hökumətin təşkil etdiyi nümayiş və mitinqlər üsulları ilə inkişaf etmişdir. Şəxsiyyətə pərəstiş apofeoza bənzəyir, ancaq o, müasir sosial mühəndislik üsulları ilə, adətən bir partiyalı dövlətlərdə və dominant partiya dövlətlərində dövlət və ya partiya tərəfindən qurulur. Şəxsiyyət kultu çox vaxt totalitar və ya avtoritar ölkələrin liderini müşayiət edir. Bunu bəzi monarxiyalarda, teokratiyalarda və uğursuz demokratiyalarda da görmək olar.
== Tarixi fon ==
Tarix boyunca monarxlar və digər dövlət başçıları çox vaxt böyük ehtiramla qarşılanır və fövqəlbəşəri keyfiyyətlərə malik olduqları düşünülürdü. Kralların ilahi hüququ prinsipi ilə, xüsusən də orta əsrlər Avropasında hökmdarların Tanrının və ya tanrıların iradəsi ilə vəzifə tutduqları deyilirdi. Qədim Misir, Yaponiya imperiyası, İnk, Astek, Tibet, Siam (indiki Tayland) və Roma İmperiyası monarxları "tanrı-hökmdarlar" kimi yenidən təyin etmək üçün xüsusilə qeyd olunur. Bundan əlavə, Qədim Roma imperator kultu imperatorları və onların bəzi ailə üzvlərini Roma Dövlətinin ilahi icazəli səlahiyyətinə (auctoritas) aid edirdi.
XVIII–XIX əsrlərdə Avropa və Şimali Amerikada demokratik və dünyəvi ideyaların yayılması monarxların bu auranı qoruyub saxlamasını getdikcə çətinləşdirirdi.