Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi
Azərbaycan Milli Xalça Muzeyi — Azərbaycan xalqının milli mədəniyyətinin və incəsənətinin əvəzsiz xalça və xalq tətbiqi sənəti nümunələri ilə birgə müasir dövr rəssam və xalq sənətkarlarının ən nümunəvi əsərləri toplanan muzey. Azərbaycan Milli Xalça Muzeyi Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır. 1967–1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 1993–2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014–2019-cu illərdə Azərbaycan Xalça Muzeyi, 2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır. Yarandığı dövrdə dünyanın yeganə ixtisaslaşdırılmış xalça muzeyi idi. Azərbaycan xalçasının milli bədii irsin ən önəmli tərkib hissələrindən biri kimi qorunub saxlanılması, əsaslı və hərtərəfli öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsi muzeyin yaradılmasının başlıca məramı olmuşdur.
Muzey özündə 7 kolleksiyanı birləşdirir: "Xovlu xalçalar", "Xovsuz xalçalar", "Xalça məmulatları", "Bədii metal", "Keramika, şüşə, ağac, kağız", "Parça, geyim, tikmə" və "Zərgərlik məmulatları".
== Məzmun ==
Azərbaycan xalqın maddi və mənəvi irsini təşkil edən Azərbaycan Milli Xalça Muzeyi dünyada xəzinəsindəki nadir xalçaların dəyərinə və əhəmiyyətinə görə ən böyük xalça kolleksiyası, xalça sənəti üzrə birinci, nüfuzlu, ixtisaslaşmış muzeydir. Arxeoloji materiallara əsasən Azərbaycanda xalçaçılıqla hələ tunc dövründən (e.ə. II minillik) məşğul olmuşlar. Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont kimi antik tarixçilərin, eləcə də orta əsr ərəb tarixçilərinin və Azərbaycan şairlərinin (Nizami Gəncəvi (XII əsr), Xaqani Şirvani (XII əsr)) əsərlərində məlumat verilmişdir.