Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası
Məhkəmə-Hüquq Şurası — Azərbaycan Respublikasında məhkəmə sisteminin təşkilinin və hakimlərin müstəqilliyinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin (bundan sonra — "hakim vəzifəsinə namizədlər") seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqan.
== Tarixi ==
Məhkəmə-Hüquq Şurası 2005-ci ilin fevral ayından fəaliyyətə başlamışdır. 15 nəfərdən ibarət olan Şura əsasən hakimlərdən (9 nəfər) formalaşmış, eyni zamanda onun tərkibinə hakimiyyətin digər qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin nümayəndələri daxil olmuşlar.
Hakimlərin ilkin və davamlı tədrisinin təşkili, fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir.
Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Məhkəmə-Hüquq Şurası haqqında", "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir.
Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarından, yerli özünüidarə orqanlarından, habelə hüquqi və fiziki şəxslərdən asılı deyildir. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət göstərir
=== Struktur ===
===== Məhkəmə-Hüquq Şurası Aparatı =====
Məhkəmə-Hüquq Şurasının iclaslarının hazırlanmasına dair təşkilati işlərin həyata keçirilməsi, şuranın iclas protokolunun aparılması, şuranın qəbul etdiyi qərarların icrası, habelə şuranın səlahiyyətləri ilə bağlı digər məsələlərin həll edilməsi üçün Məhkəmə- Hüquq Şurasının Aparatı yaradılır.
Məhkəmə-Hüquq Şurası Aparatının statusu Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının statusuna bərabər tutulur. Aparatın fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. Məhkəmə-Hüquq Şurası Aparatının əməkdaşları dövlət qulluqçusudurlar.