Firəngiz Mütəllimova
Firəngiz Mütəllimova (Firəngiz Bəhər qızı Mütəllimova; 1 may 1959, Ağcabədi) — Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Prezident təqaüdçüsü (2019).
== Həyatı ==
Firəngiz Bəhər qızı Mütəllimova 1 may 1959-cu ildə Ağcabədi rayonunda doğulub. Ancaq əslən Şuşalıdır. 1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub və 1980-ci ildə oranı bitirib. Həmin il Azərbaycan Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb.
Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq televiziya tamaşalarında da iştirak edib.
Üçillik fasilədən sonra aktrisa 1996-cı ildən yenidən Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.
Gözəl ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Qumral ("Əliqulu evlənir", Sabit Rəhman), Bəyim ("Xurşidbanu Natəvan", İlyas Əfəndiyev), Aynur ("Büllur sarayda", İlyas Əfəndiyev), Mələk ("Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Gülnaz ("Mahnı dağlarda qaldı", İlyas Əfəndiyev), Gülruh ("Şeyx Xiyabani", İlyas Əfəndiyev), Gülnaz ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Azadə xanım ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Sonya ("Sizi deyib gəlmişəm", Anar), Firəngiz ("Təhminə və Zaur", Anar), Anna ("Həyatın dibində", Maksim Qorki), Reya ("Böyük Romul", F. Dürrenmatt), Tereza ("Biganələr hoteli", Rüstəm İbrahimbəyov), Əsmər ("Günah", R. Əlizadə), Nisə xanım ("Lənkəran xanın vəziri", Mirzə Fətəli Axundzadə), Maral ("Sənsiz", Şıxəli Qurbanov), Nədidə ("Qanlı Nigar", Sadıq Şəndil), Aysulu ("Sokratı anma gecəsi", Çingiz Aytmatov və M. Şahanov), Arvad ("Mənim ərim dəlidir" ("Diaqnoz D"), Gülzar ("Poçt şöbəsində xəyal", Elçin), Sevər ("Bu dünyanın adamları", Hidayət Orucov), Həvva ("Varlı qadın", Əli Əmirli), Raisa ("Mesenat", Əli Əmirli), Nigar ("Qanlı Nigar", Sadıq Şəndil), Kərbəlayi Fatmanisə ("Almaz", Cəfər Cabbarlı) və s.